Magyaraz

Çətin

Təzəlikcə belə bir post gördüm. Çətindir: https://www.linkedin.com/embed/feed/update/urn:li:share:7187541440829272066

Xeyr, çətin deyil. Elə mən də 15 ildir ki, işləyirəm. Bir aşıq kimi, 9 ildir ki, orda-burda, dolana-dolana yaşayıram. Neçə ölkə gəzmişəm, saymağa ehtiyac yox. İnvestisiya etmişəm, elə indi də öz peşəmə (biznesimə) investisiyalar edirəm və idarə edirəm. Ailəm, bir balaca qızım var. Avtomobil aşırmışam. Maşından necəsə sağ çıxmışam, xırda baş zədəsi ilə xəstəxanadan çıxmışam. Marketinq, ictimati əlaqələr üzrə işləmişəm, xalça da daşımışam, müəllimlik də etmişəm, nə edə bilərəmsə etmişəm. Elə indi də bağ-bostanımda ot biçirəm, meyvə-tərəvəz əkirəm. Təbii ki, məni tanımayanlar bəlkdə də daha çox məlumat bilmək istərlər, amma bu sonraya qalsın.

İndi bütün bunların nəticəsində öyrəndiyim nədir. Heçnə çətin deyil. Hər şey neytraldır və inersiyadadır. Ta ki, onu kimsə, nəsə tərpədə və bunun üçün çoxlu güc sərf edəsən. Bu fizikadır (Nyutonun birinci qanunu). Çətin sözü deyilənə görə vurmaq, çarpmaq sözləri ilə əlaqəlidir. Çarpmaq prosesi o vaxt baş verir ki, nəsə əks bir cismlə, effektlə rastlaşır (fiziki toqquşma). Yəni lazımından aşırı bir effekt baş verib ki, bir cism nə iləsə vuruşur (çətinləşir). Çətindir o vaxt ki, sevmirsən. Marağın azdır. Vuruşursan, döyüşürsən. Amma sevsən necə? Maqnitə baxaq. İki eyni qütbü bir-birinə calaşdırmaq istəsən qaçacaq. Tərsinə çevirib görürsən ki, indi heç ayrılmaq istəmirlər bir-birindən. Bəh bəh! Aşıqlar demiş, görüşdülər, öpüşdülər.

Sevdiyin işlə məşğul olmaq asandır. Ona doğru qaçırsan, ondan qaçmırsan. Çünki işi sevə-sevə görürsən, heç zaman necə keçir, pul nədir, yemək nədir heç yadına düşmür. Bir də görürsən ki, bu sevdiyin iş sənə pul da gətirir, dostları da ətrafında yığır, hər şeyi sahmana salır. Sevmədiyin işi görmək çətindir. Çünki özünü zorlayıb, lazımından artıq israf zəhmət çəkirsən. Özünə inanmırsan, elə bilirsən öləcəksən, vaxt azdır. Əslində ölümsüzük, amma görməyə xüsusi hallar yaşamaq lazımdır ki, onu övliyalar və absoluta baş çəkmiş, pərvanə kimi işığın ətrafında dolnan insanlar bilir.

Vaxtınızı elə bilə-bilə itirin, görün ki, vaxt illuziyadır. Onda görərsiz ki, sevgi, eşq olan yerdə nə çətinlik? Yadınıza Henri Devid Toro-nun “Walden”-dəki son hissəsindən bir pritçanı salım*. Deyir Kuru şəhərində bir sənətkar yaşayırmış. Bir gün qərar verir ki, ən kamil şəkildə bir əsa düzəltsin. Çox yaxşı da bilirdi ki, qeyri-kamil işdə əsas inqredient zamandır. Kamil işə isə zaman heç vaxt daxil ola bilməz. Ona görə qərar verir ki, hər nə olur olsun, heç nəyə baxmayaraq bu işi sona qədər görsün. Bu əsa üçün çox uzun vaxt uyğun ağac axtarmağa başlayır. Dostları çoxdan gocalır, dünyadan köçür. Bu isə qocalmaq bilmir. Heç özü də vaxtın keçməsini hiss etmir. Məqsədyönlü olmağı, müdrikliyi onu həmişəlik gənc saxlayır. Zaman da qıraqdan baxıb ah çəkir ki, bu sənətkarın öhdəsinən gələ bilmir. Lazım olan ağacı tapana kimi, şəhər talan olur, xaraba qalır. Əsanı bir fiziki formaya salanda, Qəndəhar sülaləsinin artıq sonu çatır. Bu da əsasının bir ucuyla qumun üzərində son nəslin adını yazır. Əsanı hamarlayana kimi, Kalpa ulduzu artıq qütb ulduzu olmaqdan çıxır. Əsanın başına başlığı və qiymətli daşları qoyana kimi, Brahma artıq bir neçə dəfə yatıb durmuşdu (milyardlarla il keçmişdi). Yaxşı bütün bunları nə üçün deyirəm? İşin xitamını vuranda, birdən-birə sənətkarın gözü qarşısında Brahmanın ən gözəl yaradılış işi peyda oldu. O əsanın düzəldilməsində gözəl və harmonik mütənasibliklə dolu yeni bir sistem yaratmışdı. Bu sistemdə keçmiş sülalələr, şəhərlər ötüb keçmiş, onların yerində daha ədalətli, daha əzəmətliləri yer almışdı. Təzə doğranmış yonqaları gördükdə ona aydın olur ki, özü və işi üçün keçmiş zaman axını sadəcə illuziya imiş və Brahmanın beynindən bircə qığılcımın çıxmasıyla bir ölünü diriltməyə lazım olan vaxtdan çox vaxt keçməmişdir. Cismi, sənəti saf idi. Nəticə necə kamil olmasın?

*orijinalı ingiliscə: https://www.gutenberg.org/files/205/205-h/205-h.htm#chap19


See all posts »